Hövzə Xəbər Agentliyinin beynəlxalq bürosunun verdiyi məlumata görə, Bağdad şəhərinin cümə imamı və Nəcəf Elmi hövzəsinin tanınmış ustadı Ayətullah Seyid Yasin Musəvi 25 sentyabr 2026-cı il (3 mehr 1405) tarixində cümə namazının xütbələrində Birləşmiş Millətlər Təşkilatının son onilliklərdəki fəaliyyətini tənqid edərək bildirib: Bu təşkilat təsis olunarkən qarşısına qoyulan məqsədlərin, o cümlədən beynəlxalq sülh və təhlükəsizliyin qorunması, müharibə və təcavüzün qarşısının alınmasının həyata keçirilməsi istiqamətində malik olduğu imkanların böyük hissəsini itirib.
Ayətullah Musəvi sözlərinə davam edərək bildirib: Birləşmiş Millətlər Təşkilatı zülmə qarşı çıxmaqda, müharibələrin və işğalların qarşısını almaqda uğursuz olub. Xüsusilə Sovet İttifaqının dağılmasından sonra beynəlxalq sistemin birqütblü sistemə doğru yönəlməsi bu vəziyyəti daha da dərinləşdirib.
O əlavə edib: ABŞ və onun Qərb müttəfiqləri beynəlxalq sistemdə dominant tərəfə çevriliblər və Vaşinqton müxtəlif ölkələrin işlərinə müdaxilə etməklə, müharibələr başlatmaqla müstəmləkəçilik üsullarını yeni formada yenidən tətbiq edib. Bağdad şəhərinin cümə imamı Birləşmiş Millətlər Təşkilatının bu addımlara qarşı mübarizə aparmaqda aciz qalmasını da tənqid edib.
Bəzi ərəb və İslam ölkələrinin mövqelərinə tənqid
Ayətullah Musəvi Birləşmiş Millətlər Təşkilatının son iclaslarında bəzi ərəb və İslam ölkələrinin “utancverici mövqelərini” tənqid edərək bildirib: Bölgə xalqlarının qətl və dağıntılarla üzləşdiyi bir şəraitdə bu ölkələrin rəsmilərinin amerikalı rəsmilərlə görüşlərdə onları qarşılaması və onlarla həmrəy olması həmin ölkələrin ləyaqətinə uyğun deyil.
O, həmçinin İraqın baş nazirinin ABŞ prezidenti ilə görüşdə iştirakını tənqid edərək bildirib: İraq ABŞ qarşısında elə bir mövqe nümayiş etdirməməlidir ki, həmin mövqedə itaətkarlıq və zillət əlamətləri görünsün.
İraq zəiflədilməməlidir
Bağda şəhərinin cümə imamı çıxışının digər hissəsində İraqın və ölkənin milli qüvvələrinin zəiflədilməsi ilə bağlı xəbərdarlıq edərək vurğulayıb: İraq öz gücünü, qüdrətini və izzətini möhkəmləndirən qüvvələrlə əməkdaşlıq əlaqələrini genişləndirməlidir.
O, İran İslam Respublikasını ABŞ və sionist rejim qarşısında müqavimət göstərmiş regional güc kimi qiymətləndirib.
İrandan İraqa uçuşların məhdudlaşdırılmasına tənqid
Bağdad şəhərinin cümə imamı həmçinin İrandan İraqa gələn bəzi uçuşların qarşısının alınması ilə bağlı qərarı tənqid edərək bildirib: Bu uçuşların sərnişinlərinin əhəmiyyətli bir hissəsini İmam Hüseynin (ə) ziyarətçiləri təşkil edir.
O əlavə edib: Bu məsələni İraq və İran rəsmiləri, eləcə də müvafiq komitə ilə müzakirə edib və izləyib. Lakin ona bu tədbirlərin görülməsi üçün təhlükələrin mövcudluğu və ya təhlükəsizlik əsaslandırmaları ilə bağlı təqdim olunan məlumatlar həmin iddiaların doğruluğunu sübut etməyib.
Silah dövlət çərçivəsində olmalıdır
Ayətullah Musəvi çıxışının davamında silah məsələsinə toxunaraq bildirib: Onun dəyişməz mövqeyi ondan ibarətdir ki, hərbi güc dövlət strukturunun tərkib hissəsi olmalıdır və dövlət qurumlarından kənarda silahlı qrupların yaradılmasını qəbul etmir.
O, eyni zamanda vurğulayıb: Silahların nizama salınması terrorizmlə mübarizə aparmış qüvvələrin zəiflədilməsi və ya ABŞ-ın İraqa təsirinin tətbiq edilməsi üçün bəhanəyə çevrilməməlidir.
Livan müqavimət cəbhəsi və Yəmən Ənsarullah hərəkatına tərif
Nəcəf şəhərinin Elmi hövzəsinin tanınmış ustadı, həmçinin Livan Müqavimət hərəkatının və Yəmənin Ənsarullah hərəkatının yüksək qiymətləndirərək, bu qüvvələri ABŞ və sionist rejim qarşısında güc və çəkindiricilik amillərindən biri kimi dəyərləndirib.
O, həmçinin şəhid Ayətullah üzma Seyid Əli Xameneinin ABŞ-a meydan oxumaq gücünə malik regional gücün formalaşdırılmasındakı rolunu yüksək qiymətləndirib.
İraq xalqının birliyinə vurğu
Bağdad şəhərinin cümə imamı İraq xalqının vahid xalq olduğunu vurğulayaraq bildirib: Xalqın İmam Hüseynin (ə) ziyarətində və müqavimət komandirlərinin dəfn mərasimlərində geniş iştirakı İraq xalqının izzət və ləyaqətinə sadiqliyini, eləcə də hər cür itaətkarlıq və təslimçiliyə qarşı olduğunu göstərir.
Ayətullah Seyid Yasin Musəvi xütbələrinin sonunda İraqın siyasi qruplarından, xüsusilə koordinasiya çərçivəsindən İraqın ləyaqətinin qorunmasında öz məsuliyyətlərini üzərinə götürməyi, şəxsi maraqları və qorxunu kənara qoymağı tələb edib.
O vurğulayıb: ABŞ-la münasibətlər izzət və ləyaqət mövqeyindən qurulmalıdır, itaətkarlıq və güzəştə getmək mövqeyindən deyil.
Rəyiniz